
Stadionun tarixçəsi
Stadionun açılışı 2012-ci il sentyabrın 14-də olub. Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi 54 ünvanında yerləşən idman qurğusu əvvəllər 8-ci km stadionu, "Bakcell Arena" və "Neftçi Arena" adlandırılıb. Ümumi ərazisi 22500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezidenti Mehriban Əliyeva arenanın açılış mərasimində iştirak ediblər.
Bu stadion FIFA U-17 qadınlararası dünya çempionatının, U-17 Avropa çempionatının, dünya və Avropa çempionatının seçmə mərhələsinin, UEFA Çempionlar Liqasının və Avropa Konfrans Liqasının təsnifat mərhələsinin, Avropa Liqasının təsnifat və qrup mərhələsinin və digər turnirlərin oyunlarını qəbul edib. Arena UEFA-nın təsnifatına görə 4-cü kateqoriyalı stadiondur. 2025-ci ilin avqustundan "Palms Sports Arena" adlandırılır.
2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı bitəndən sonra AFFA ilə "Neftçi" PFK arasındakı qarşılıqlı razılıq əsasında komandamızın ixtiyarına verilib. Komandamız bu stadionda ilk oyununu ölkə çempionatının 2012/13-cü il mövsümünün 13-cu turunda "Sumqayıt"a qarşı keçirib.
Stadionun tərkib hissələri
Arena ümumi, Media və VIP olmaqla 3 giriş hissədən və 5 sektordan ibarətdir. 11 min tamaşaçı yeri olan stadionun VIP tribunasında 908 nəfərlik oturacaq var. Stadionda 17 skayboks, VIP və Media tribunası, komandaların istifadəsi üçün dörd paltardəyişmə otağı, məşqçilər, hakimlər və həkimlər üçün otaqlar, dopinq-nəzarət otağı, mətbuat konfransı zalı və digər otaqlar yerləşir. Arenada klubun muzeyi və fan mağazası fəaliyyət göstərir. Stadionun 400 avtomobil tutumu olan yeraltı və yerüstü dayanacaqları var.
Skaybokslar
Stadionda qonaqların yerləşdirilməsi üçün 17 skayboks və "lounge" fəaliyyət göstərir.
Media tribunası və mətbuat konfransı zalı
Arenada media nümayəndələri üçün hər cür şərait yaradılıb və stadion ərazisinə onlar üçün nəzərdə tutulmuş xüsusi giriş var. Mətbuat konfransı və media iş otağı 1-ci mərtəbədə yerləşir. 3-cü mərtəbədə yerləşən Media tribunasına da onlar üçün xüsusi ayrılmış girişdən qalxırlar. Oyun ərzində kompüter qarşısında qeydlər götürən jurlanistlər üçün xüsusi masalar var. Həmin tribunada 18 TV və radio kanalı üçün şərh yerləri var.