
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Qadın futbolçulardan ibarət komandamızın baş məşqçisi Siyasət Əsgərov “ABB Fomget” (Türkiyə) ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi oyunundan sonra klubumuzun rəsmi saytına açıqlama verib:
“Rəqibi yaxşı tanıyırdım. Çünki bundan əvvəl “ABB Fomget” klubunda çalışmışdım. Lakin demək olar, komandanın yarısı yenilənmişdi, heyət xeyli güclənmişdi. Yeni oyunçuların bir çoxu qadın futbolunda top olan milli komandaların üzvləri idi. Üstəlik, rəqib bu hazırlıq dönəmində heç bir oyun keçirməmişdi deyə, hansı sürprizlə qarşılaşacağımız müəmmalı idi. Bununla belə, biz də rəqibin gücünə uyğun olaraq oyun planı seçmiş və maksimum hazırlaşmışdıq. Qol buraxmadan rəqibi cəzalandırmaq istəyirdik. Fikrimcə, komandamız xarakter göstərdi, sonadək vuruşdu. Amma təəssüf ki, bəlli vaxtlarda rəqibin keyfiyyəti üzə çıxdı və bizi səhv etməyə məcbur etdi. Bu səhvlərdən sonra qollar buraxdıq. Halbuki bizim də şanslarımız oldu. Düşünürəm ki, fürsətləri dəyərləndirə bilməməyimizin əsas səbəbi heyətdə gənc futbolçuların çoxluq təşkil etməsidir. Buna baxmayaraq, ümumi nəzər yetirsək, məncə, komandamız gələcəkdə daha yaxşı nəticələr göstərə bilər”.