“Neftçi” – 88!

18 mart 2025, 10:00

“Neftçi” klubunun yaradılmasından 88 il ötür. Azərbaycanın ən köklü klubu 1937-ci ildə yaradılıb, 1968-ci ilədək “Neftyanik” adlandırılıb. Rəngləri “ağ-qara” olan komandamızın “Flaqman”, “Xalq komandası” və “Neftçilər” kimi ləqəbləri var.

“Neftçi” yaradıldığı 1937-ci ildə SSRİ çempionatında çıxış edib. İlk dəfə 1949-cu ildə SSRİ çempionatının Güclülər dəstəsində iştirak etmək hüququ qazanan “Flaqman” 1950, 1960-1972, 1977-1988-ci illərdə də bu dəstədə mübarizə aparıb. Komanda bu dönəmdə ən böyük uğuruna 1966-cı ildə 3-cü yeri tutaraq bürünc medallar qazanmaqla imza atıb. “Ağ-qaralar” 1967, 1968, 1970, 1971-ci illərdə SSRİ Kubokunun yarımfinalçısı, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalçısı olub.

Ölkədə ən böyük azarkeş ordusuna malik olan “Neftçi” 9 dəfə – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013 və 2021-ci illərdə Azərbaycan çempionatının qızıl medallarına sahib çıxıb. “Xalq komandası” 6 dəfə ölkə kubokunun (1995, 1996, 1999, 2004, 2013, 2014), 2 dəfə isə Superkubokun (1993, 1995) qalibi olub. 2006-cı ildə isə “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. “Neftçi” 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atıb.