Autizmli uşaq və yeniyetmələr qonağımız oldular

3 aprel 2025, 20:07

Aprelin 2-də Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik sahəsində maarifləndirmə kampaniyaları çərçivəsində tədbir keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzinin üzvləri olan uşaq və yeniyetmələr “Neftçi Arena”da qonağımız olublar.

Əvvəlcə futbolçularımız Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah”la matçından öncə isinmə hərəkətlərini həmin gün münasibətilə xüsusi hazırlanmış formalarla yerinə yetiriblər. Daha sonra autizmli qonaqlar komandaların üzvləri və hakimlərlə birlikdə meydana daxil olublar, “Fərqli düşünənlər fərq yaradırlar” pankartı nümayiş edilib. Ardından klubumuz tərəfindən autizm mərkəzinə xatirə hədiyyəsi təqdim olunub və “sky-box”da yer alan qonaqlarımız matçı izləyiblər.