Qızlarımız qızıl medallarına qovuşdular!

2 iyun 2025, 17:31

“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib. Siyasət Əsgərovun rəhbərlik etdiyi komandamız 15-ci turda “Sumqayıt” klubu ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə “ağ-qaralar” 4:0 hesabı ilə qalib gəlib.

Beləliklə, sona 3 tur qalmış çempionluğu rəsmiləşdirən “Neftçi” 15 oyunda 15 qələbə qazanmaqla mövsümü maksimum nəticə ilə başa vurub.

Komandamızın üzvlərindən Ayşən Salamzadə mövsümün ən yaxşı futbolçusu seçilib, Coşqunə Əliyeva isə 31 qolla çempionatın ən məhsuldar oyunçusu olub. Kubok və medalları mükafatçılara “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer, AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Həbib Ağayev və qızlardan ibarət U-17 millisinin çalışdırıcısı Nərgiz Qurbanova təqdim ediblər.