
Samir Abasov: “Bu gün qapımızda bir epizod görmədən məğlub olduq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Turan Tovuz” klubu ilə 3-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Qol epizodları yaratdıq, amma əfsuslar olsun ki, bu gün bəxtimiz də gətirmədi. Nəinki bu gün, digər iki oyunda da 100 faizlik qol fürsətlərini boşa vermişdik. Keçən matçla müqayisədə komandamız bu gün çox dinamik və ritmli idi, amma qol buraxmağımız planları pozdu. Bununla belə, qoldan sonra da təzyiqi sona kimi davam etdirdik. Futbolçularımız qol vurmaq, qələbə qazanmaq üçün çox istəkli idilər. İkinci hissədə isə qırmızı vərəqə ilə planlarımız pozuldu. Əlbəttə, 10 nəfərlə qalanda rəqibdən əks-hücum da görəcəksən, amma müdafiəçilərimiz vəzifələrinin öhdəsindən çox soyuqqanlı və məharətlə gəldilər. Bu gün qapımızda bir epizod görmədən məğlub olduq. Futbolçulara istəyə, dinamikaya, sürətə çox təşəkkür edirəm. Düşünürəm ki, yaxşı işlər görməyə qadirik. Bu gün bu siqnalı futbolçulardan aldım”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: